Göz qabağında şeytan | TƏHLİL

// İran əlini birbaşa və açıq şəkildə azərbaycalı qanına batırdı

   Göz qabağında şeytan    | TƏHLİL
  27 Yanvar 2023    Oxunub:3575
İran aylardır ki, buna doğru gəlirdi. Aylardır ki, Azərbaycanı düşmən elan edib, açıq və örtülü hədələr səsləndirməklə hadisələri bu istiqamətə yönəldirdi. Aylardır ki, Azərbaycana ağrılı bir zərbə vurmaq üçün hazırlıq görülürdü. Nəhayət, bu baş verdi. Bir ölkənin səfirliyinə silahlı basqın düşmənçiliyin açıq şəkildə elan olunması deməkdir. Rubikon keçildi.
İstər Şərq, istərsə də Qərb diplomatiyasında lap qədimdən belə bir sarsılmaz ənənə-prinsip var: “Elçiyə zaval yoxdur”. Diplomat toxunulmazdır. Bütün sivil xalqlar və ölkələr bu prinsipə əməl etməyə çalışırlar. İrandan başqa; çünki “sivil” sözü ona aid deyil.

İran (P)islam Respublikasının əsası elə ilk günlərindən səfirliyə hücumla qoyulub. Bu rejim yaranar-yaranmaz fəaliyyətinə 1979-cu il, noyabrın 4-də ABŞ səfirliyinə hücum etmək və orada çalışan 66 nəfəri girov götürməklə başlayıb. Nəticədə “Iran hostage crisis” adlanan böhran yaranıb və geniş mənada indiyə kimi davam edir.

2016-cı il, yanvarın 2-də Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi hücuma məruz qaldı. Hücum edənlər səfirliyə yandırıcı maye doldurulmuş butulkalar atıb, sonra özləri də binaya daxil olublar. Buna səbəb Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər şiə inanclı şəxsin, o cümlədən, şeyx Nimr-əl Nimrin edam olunması idi.

Yaxın tarix göstərir ki, İranın xəstə diplomatik təfəkküründə səfirliklərə hücumu başqa dövlətlərə siyasi təzyiqin elementi kimi başa düşürlər. Halbuki bu, birmənalı olaraq, açıq-aşkar terrordur.

Təxminən yarım il qabaq – 2022-ci ilin avqustun 4-də Azərbaycanın Londondakı səfirliyi “Mehdinin xidmətçiləri” adlanan radikal şiə qrupunun hücumuna məruz qaldı. Onlar səfirliyin balkonuna çıxaraq, Azərbaycan bayrağını endirib, ölkəmizin əleyhinə şüarlar səsləndirdilər. Düzdür, qrupun İranla əlaqələrinə dair hansısa birbaşa fakt ortaya çıxmadı (yaxud, çıxarılmadı), amma hadisənin məhz İranın Azərbaycana qarşı siyasi-diplomatik aqressiyasının artması ilə eyni dövrə düşməsi ciddi fikirləşməyə məcbur edir. Çünki SEPAH-ın Azərbaycana qarşı hədələri də sentyabr-oktyabrdan etibarən səslənməyə başlamışdı.

Hazırda İranda vəziyyət elədir ki, orada kiminsə “Kalaşnikov”la silahlanıb, səfirliyə basqın etməsi praktik olaraq mümkün deyil. Ölkədə bir neçə ay davam edən və ağır toqquşmalarla müşayiət olunan geniş kütləvi aksiyalar zorla yatırılıb. Necə deyərlər, ocaq söndürülsə də, külü hələ istidir. Ona görə də təhlükəsizlik orqanları küçəyə çıxan az qala hər kəsi nəzarətdə saxlamağa çalışırlar ki, üstündə silah və ya təxribat törətmək üçün hansısa vasitə olmasın.

Azərbaycan səfirliyinə hücum isə o qədər kobud hazırlanıb ki, ilk yalan dərhal üzə çıxdı. Tehran polisinin yaydığı məlumatda deyilir: “Maşınında iki sərnişin – 14 yaşlı qız və 7 yaşlı oğlan olan 50 yaşlı kişi səfirliyin qarşısına gəlib, silahsız mühafizəçini hədələyib, binaya daxil olub və atəş açmağa başlayıb”. Sanki adam uşaqlarını başına yığıb, piknikə gedirmiş...

Bu açıqlama videodan əvvəl yayımlanmışdı. Amma səfirlik binasının qarşısındakı kameradan çəkilən görüntülər yayımlanandan sonra tamam başqa mənzərə göründü: Terrorçunun maşını sürətlə gəlib, səfirliyin qarşısında dayanan avtomobilə çırpılır, oradan düşən silahlı şəxs mühafizəçiyə sadəcə yaxınlaşır, heç nə danışmır; güman ki, onun İran polisi olduğunu görüb, birbaşa səfirliyin binasına yönəlir.

Ömrü çox qısa çəkən belə bir yalana nə ehtiyac vardı?
Ehtimal etmək olar ki, hadisə fikirləri azdırmaq üçün məhz elə baş verməliymiş və açıqlama da ssenari kimi qabaqcadan hazırlanıbmış. Amma proses bir qədər ayrı cür gedib.

Ümumiyyətlə, səfirliyə qarşı terror aktını ailə münaqişəsi mövzusu ilə əlaqələndirmək bütün dünya ictimaiyyətini ələ salmaqdır. Nəinki diplomatiya, hətta bütövlükdə kriminalın tarixində hələ belə hal olmayıb ki, arvadını qısqanan kişi səfirliyə hücum etsin. Belə axmaq nağıllar ancaq İran rejiminin ağlına gələ bilər.

Xeyli vaxtdır ki, İran və onun İslam İnqilabının Keçikçiləri Korpusu (İİKK) – SEPAH Azərbaycanı müxtəlif formalarda hədələyirlər: Gah raket atmaqla, gah Arazı keçməklə, gah da üstüörtülü eyhamlarla. Birinci ikisini reallaşdırmağa təbii ki, hünər və cəsarətləri çatmayacağından, əllərindən gələn üçüncü olub. İranın bütün “üstüörtülü eyham”ları isə sonda gəlib terrora çıxacaq. Terroru bütün dünyada, ələlxüsus regionda xarici siyasətinin əsas alətinə çevirən bir dövlətdən başqa nə gözləmək olar?! İsrailə qarşı – terror, Səudiyyə Ərəbistanına qarşı – terror, nəhayət, Azərbaycana qarşı da – terror!!!

İranda aylardır ki, əhalinin beyni anti-Azərbaycan təbliğatı ilə doldurulur. Onsuz da dini radikalizm xərçənginin kök saldığı beyinlərə qonşu dövləti bu şəkildə hədəf göstərmək elə dolayı yolla, üstüörtülü şəkildə terrora çağırmaq deməkdir. Əgər bu terror aktını birbaşa İranın xüsusi xidmətləri təşkil etməyiblərsə belə, dolayı müəllifləri - ideoloji rəhbərləri məhz molla hakimiyyətidir!

İndi əsas sual budur: İran hakimiyyəti hadisənin obyektiv, qərəzsiz və hərtərəfli təhqiqatının aparılmasını təmin edəcəkmi?! İnandırıcı deyil, amma hətta etsə belə, bu, çox az olacaq. Əgər Vətən Müharibəsində şəhid olmuş oğullarımızın qanında İranın dolayısı ilə əli vardısa, indi birbaşa əllərini Azərbaycan vətəndaşının qanına buladılar. İran doğrudan da bu dəhşətli hadisənin ikitərəfli münasibətlərə vurduğu ağır zədəni səmimi olaraq aradan qaldırmaq istəyəcəksə, Azərbaycana qarşı təhdid və təbliğat kampaniyasını birdəfəlik dayandırmalıdır. Bəlkə bunu etsələr, səfirliyimizə xaincəsinə hücum zamanı şəhid olmuş vətəndaşımızın – Orxan Əsgərovun ruhunun qarşısında günahlarını azca da olsa yuyarlar... Əlbəttə, hər şeyi zaman göstərəcək, amma bunu edəcəkləri təəssüf ki, heç inandırcı deyil.

Bu hadisə ilə İran rejimi Azərbaycana qarşı düşmən mahiyyətini tam və qəti şəkildə ortaya qoydu. Azərbaycan cəmiyyəti buna adekvat cavabını verməlidir. İrana simpatiyasını bundan sonra da saxlayan, Xomeynini və digər ayət... pardon, lənətullahları özünün lideri sayan şəxslər bütün səviyyələrdə sərt ictimai qınağa məruz qoyulmalıdırlar. İranın Azərbaycanda təbliği ilə bağlı istənilən şübhə doğuran fəaliyyət hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməlidir. Çünki bu hadisədən sonra Azərbaycanda İranı təbliğ etmək terrora haqq qazandırmaq demək olacaq.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: İran   Terror  





Xəbər lenti